Fransa Polineziyasında keçirilən ərazi seçkilərində müstəqillik tərəfdarları qalib gəliblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Parisdən 15 min kilometr uzaqda, Sakit Okeanın cənub hissəsində yerləşən Polineziyanın gələcəyinin təhlükəli olacağı ehtimal edilir. Polineziyada 10 ildən sonra yenidən separatçılar hakimiyyətə qayıdırlar. Müstəqillik tərəfdarı olan Tavini partiyası ərazi seçkilərində 44,3 faiz səs toplayaraq qalib gəlib. Bununla da Fransa və Polineziyanın paytaxtı Papite (Papeete) arasında münasibətlərin yeni səhifəsi açılır.
Polineziyanın öz müqəddəratını təyinetmə məsələsi yenidən gündəmə gəlib. Seçkilərin nəticələri açıqlanan kimi Tavini müstəqillik siyahısının lideri Oskar Temaru Fransa ilə əlaqələri kəsmək istəyini bir daha dilə gətirərək təsdiqləyib.
Bildirilir ki, Tavini partiyasının tərəfdarları arasında da iki cərəyan mövcuddur. Parisdən azad olmağa tələsən ənənəçilər, 1966-1996-cı illərdə Polineziyada keçirilmiş 198 nüvə sınağını bağışlamayan köhnə qvardiyaçılar bir az daha çox vaxta ehtiyac olduğunu söyləyirlər. İkinci cərəyanın aparıcısı, Fransız Polineziyasının prezidentliyini təhvil alacaq Moetai Brodersan isə yerli TNTV telekanalına müsahibəsində deyib ki, tezliklə müstəqil olmaq fikrində deyillər, dövlətlə işləməkdə problemi yoxdur və bu, yaxın gələcəkdə də dəyişməyəcək. Separatçıların mötədil qanadının lideri onu da bildirib ki, öz müqəddəratını təyin etmək üçün referendumun təşkili 10-15 il çəkəcək. Məhz buna görə də o, səlahiyyət müddəti ərzində buna nail ola bilməyəcək.
Moetai Brodersanın Parislə münasibətləri sakitləşdirmək niyyətində olduğu və Fransa ilə mütərəqqi müstəmləkəsizləşdirmə prosesini müzakirə etmək üçün BMT-yə güvənməyə üstünlük verdiyi qeyd olunur. 1946-1947-ci illərdə ilk qeydiyyatdan sonra Fransız Polineziyası 2013-cü ildə BMT-nin müstəmləkəsizləşdiriləcək qeyri-muxtar ərazilər siyahısına reinteqrasiya edilib və bu siyahıda 1986-cı ildən qonşu Yeni Kaledoniya da yer alıb.
BMT qətnaməsi "Fransız Polineziyası əhalisinin öz müqəddəratını təyin etmək və müstəqillik hüququnu" təsdiqləyib. Fransa hökumətindən bu ərazidə "öz müqəddəratını təyinetmə prosesinin ədalətli və səmərəli qurulmasını asanlaşdırmaq və sürətləndirmək", eləcə də Polineziya əhalisinin müstəqilliyə qərar verə biləcəyi referenduma və ya öz müqəddəratını təyinetmənin ara statusuna yol açmaq tələb olunub.
Fransa hökumətinin reaksiyası: Daxili işlər naziri Jerald Darmanən tviter hesabı vasitəsilə "Polineziyalılar dəyişikliyə səs verdilər. Hökumət bu demokratik seçimi nəzərə alır" deyib. Politoloq Benjamin Morel isə Yeni Kaledoniya ilə bağlı kifayət qədər ciddi məsələdən sonra Polineziyada separatçıların hakimiyyətə qayıdışının Paris üçün yaxşı xəbər olmadığını qeyd edib. Hökumətin istər-istəməz qarşıdurmaya girdiyini deyib.
2021-ci ilin yayında Polineziyaya dörd günlük səfəri zamanı prezident Emmanuel Makron bu dəniz-aşırı ərazini tərk etmək istəyən icmalara xəbərdarlıq edərək, Pekinə eyhamla hegemon güclərin iqtisadi resurslar axtarışı ilə bu əraziyə gələcəyi ilə bağlı xəbərdarlıq edib. Bu ilin fevral ayında Jerald Darmanən Parisdə təşkil edilən dəniz-aşırı ərazilərlə bağlı konfrans zamanı oxşar fikri səsləndirərək deyib: "Fransa getsə, kim gələcək? Özünü idarə edə bilməsən, kim gələcək? Çin!".
Fransa dövlətinin müstəqillik baxımından vəziyyətə tam nəzarət etdiyi də bildirilir.
Qeyd edək ki, 2022-ci ilin martında Fransız Polineziyasında Statistika İnstitutunun apardığı araşdırmaya görə, polineziyalıların 26 faizi yoxsulluq həddinin altında yaşayır. Yaşayış bahalığına qarşı mübarizə kampaniyası aparan separatçılar həm də yerli məşğulluğu qorumaq, kənd təsərrüfatı və sənətkarlığa kömək etmək istədiklərini bildirirlər. Onlar, həmçinin ilk növbədə arxipelaqın əsas iqtisadi mühərriki olan turizmi təşviq etmək niyyətlərini dilə gətirirlər.