Sarqsyan və Koçaryanın parlamentdəki tərəfdarları parçalanıb

A- A A+

"Ermənistan parlamentində müxalif fraksiyalar parçalanıb".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, "Hraparak" qəzetində mayın 4-də dərc olunan materialda öz əksini tapıb.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın başçılıq etdiyi "Şərəf duyuram" parlament fraksiyası ilə keçmiş prezident Robert Koçaryanın rəhbərliyi altında fəaliyyət göstərən "Ermənistan" fraksiyası arasında əvvəlki münasibət artıq yoxdur.

Bildirilib ki, son zamanlar parlamentdəki həmin müxalif fraksiyaların hökumətə münasibətində də dəyişiklik görünür. Əvvəllər onlar bütün məsələlərlə bağlı müzakirələrdə vahid mövqedən çıxış edər, hətta baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışında bir-birini dəstəklər və eyni mövqedən suallar ünvanlayardılar.

Amma maraqlısı odur ki, "Şərəf duyuram" fraksiyası ali qanunverici orqanın son iclaslarında hökumət başçısına heç bir sual verməyib. Habelə, "Ermənistan" fraksiyasının mövqeyini də dəstəkləməyib.

Qəzetdə dərc olunan məlumata əsasən, buna səbəb olaraq keçmiş prezidentlər Serj Sarqsyanla Robert Koçaryan arasında münasibətin pozulması göstərilir.

Məlumata görə, Serj Sarqsyanın tərəfdarları son çıxışlarında açıq-aşkar şəkildə Robert Koçaryana qarşı çıxış ediblər. Birincinin tərəfdarlarının qənaətincə, hakimiyyət dəyişikliyi uğrunda mübarizədə Koçaryan məğlubiyyətə uğrayıb və o, yerini Serj Sarqsyana verməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: