Ukrayna Rusiyanın Baxmutda kütləvi şəkildə fosfor sursatından istifadə etdiyini açıqlayıb - VİDEO
Mayın 5-də axşam Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiya qüvvələri kütləvi şəkildə fosfor və yandırıcı hərbi sursatlardan istifadə ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələri (XƏQ) müvafiq video paylaşıb.
“Baxmutda düşmən şəhəri yer üzdən silməyə çalışaraq fosfor və yandırıcı hərbi sursatlardan istifadə edib. Lakin XƏQ və Müdafiə qüvvələrinin digər döyüşçüləri şəhəri igidcəsinə qorumağa davam edirlər. Bu şəraitdə düşməni yox etməyə davam edirik”, - XƏQ-in mətbuat xidməti "Ukrainska Pravda"ya şərhində bildirib.
Xatırladaq ki, ötən gün “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojın mayın 10-dan qruplaşmasının muzdlularını Baxmutdan çıxaracağını açıqlayıb. Belə ki, çətə başçısı Moskvanın döyüşçülərinə yetərincə hərbi sursat verməməsindən gileylənib.
Bununla belə, Ukrayna Silahlı Qüvvələri dəstə başçısının bu açıqlamasına şübhə ilə yanaşıb.