“Biz fevralın 6-da baş vermiş dəhşətli zəlzələnin nəticələrini cəmi 3 həftə ərzində aradan qaldırmağa başladıq. Bu işi Böyük Britaniya, Almaniya, ABŞ, Çin və Yaponiya bacarmazdı”.
NUHÇIXAN İnformasiya Agentliyi “Star”a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Londonda türkiyəlilərlə görüşü zamanı deyib.
O bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün təkcə iqtisadi imkanlar kifayət etmir: “Bu, həm də dövlətlə millətin bir araya gəlməsini tələb edir. Biz millətimizlə birlikdə sözügedən proplemi həll etdik”.
F.Oktayın sözlərinə görə, zəlzələdən dərhal sonra yeni mənzillərin inşasına başlanılıb: “İlin sonuna qədər zərər görmüş binalar söküləcək və yeniləri tikiləcək”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Zəlzələ nəticəsində 50 500 nəfər ölüb.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.