Sergey Lavrov Türkiyədə seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə əminlik ifadə edib

A- A A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə mayın 14-nə təyin olunmuş prezident və parlament seçkilərinin uğurla keçirilməsini arzulayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazir Rusiya, Türkiyə, Suriya və İran XİN başçılarının Moskvada keçirilən görüşündə seçkilərin ədalətli, şəffaf keçiriləcəyinə əminlik ifadə edib. “Əminəm ki, seçkilər ədalətli, şəffaf keçəcək, türk xalqının öz iradəsini xaricdən hər hansı təsir olmadan ifadə etməsini təmin edəcək”, - deyə o bildirib.

S.Lavrov Türkiyəni Rusiyanın “mehriban qonşusu və mühüm tərəfdaşı” adlandırıb, son illər Türkiyənin beynəlxalq və regional nüfuzunun xeyli artdığını vurğulayıb. O, ölkəsinin bundan sonra da Türkiyə ilə ikitərəfli qarşılıqlı əlaqələri genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Rusiyalı nazir Suriya qaçqınlarının təhlükəsiz şəkildə geri qayıtmasının rəsmi Moskva üçün prioritet olduğunu diqqətə çatdırıb. O, həmçinin Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair “yol xəritəsi” hazırlanmasını təklif edib, iki ölkə arasında münasibətlərin yaxşılaşmasının bütün Yaxın Şərq regionunda ümumi atmosferə təsir edəcəyinə əminlik ifadə edib. Nazirin fikrincə, ilk növbədə Dəməşq ilə Ankara arasında nəqliyyat-logistika, ticarət-iqtisadi əlaqələrin bərpası önə çəkilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: