Musiqisevərlər qış mövsümündə qeyri-adi konsertin şahidi olacaqlar. Amerikan heykəltəraşı Tim Linart buz materialından istifadə etməklə İtaliyanın Trentino şəhərindəki 2600 metr hündürlükdə yerləşən Prezena buzlağında 200 tamaşaçı yeri olan əsl konsert zalı inşa edəcək.
NUHÇIXAN xəbər verir ki, 2018-ci il dekabrın 29-dan 2019-cu il martın 31-dək görünüşü ilə iynəni xatırladan bu tikilidə silsilə konsertlər təşkil olunacaq. Lakin tədbirin unikallığı yalnız onun keçirildiyi yerdən ibarət deyil. Musiqiçilər əsərləri tamamilə buzdan hazırlanmış alətlərdə ifa edəcəklər. Tim Linart bu musiqi alətlərinin səsinin gözəl olacağına əmindir. Qeyri-adi ansamblın üzvləri öz partiyalarını buzdan hazırlanan gitara, ksilofon, nəfəsli və simli alətlərdə səsləndirəcəklər.
Bu konsertin yeganə çatışmayan cəhəti isə soyuq zalda keçirilməsi olacaq. Ona görə də tamaşaçılar qalın paltarlar geyinməlidir.