Özbəkistan Prezidenti Şavkat Mirziyoyev seçkiqabağı proqramını açıqlayıb

A- A A+

Sahibkarlar və iş adamları hərəkatının - Özbəkistanın Liberal-demokratik partiyasının qurultayı ölkənin hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin növbədənkənar prezident seçkilərində namizədliyini təsdiqləyib.

NUHÇIXAN bu barədə partiyanın mətbuat xidmətinə istinadla xəbər verir.

“Qurultayda çıxış edən Prezident seçkiöncəsi proqramını açıqlayıb. Çıxışından sonra qurultay nümayəndələri iyulun 9-da keçiriləcək seçkilərdə Şavkat Mirziyoyevin namizədliyini yekdilliklə irəli sürüb”, - deyə mətbuat xidmətindən bildirilib.

Prezident seçkiöncəsi proqramında Özbəkistanın ümumdaxili məhsulunun həcmini iki dəfə artıraraq 160 milyard dollara çatdırmağı (adambaşına düşən ÜDM-in 2200 dollardan 4000 dollara qaldırmağı), 2030-cu ilə qədər mis istehsalını 3,5 dəfə, qızıl istehsalını 1,5 dəfə, gümüş və uran istehsalını isə üç dəfə artırmağı vəd edib. Həmçinin ölkədə illik avtomobil istehsalı 1 milyon ədədə çatdırılacaq ki, onların da 300 mini elektromobillər olacaq.

Şavkat Mirziyoyev, eyni zamanda 2030-cu ilədək 2,5 milyon şagird üçün yeni məktəblərin tikiləcəyini, növbəti yeddi il ərzində elm və innovasiyalara 1 milyard dollar ayrılacağını, səhiyyəyə sahəsinə ayrılan vəsaitin isə 6 milyard dollara çatdırılacağını bildirib.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Konstitusiya düzəlişləri hazırkı dövlət başçısı Şavkat Mirziyoyevə üçüncü müddətə namizədliyini irəli sürmək imkanı da verib.

Mayın 8-də Özbəkistanın dövlət başçısı prezidenti postuna növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb. Mayın 10-da seçki kompaniyası başlayıb. Ölkədə qeydiyyatdan keçən bütün beş partiyanın seçkilərdə iştirakına icazə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: