Günəş sisteminə yaxın fəzada “Super-Yer” adlandırılan donmuş və Yerin bənzəri olan planet kəşf olunub.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, yeni planetin yerinin müəyyən olunması iyirmi il davam edən elmi araşdırmalar nəticəsində mümkün olub. “Bernard” ulduzunun yaxınlığında və Günəş sistemindən 6 işıq ili uzaqlıqda yerləşən “Super-Yer” bizim planetdən 3,2 dəfə böyükdür. O, hər 233 gündən bir “Bernard” ulduzunun orbitində görünür.
Kataloniyadakı Kosmik Araşdırmalar İnstitutunun astronomu İqnasi Ribas bildirib ki, artıq 4 minə yaxın Günəş sisteminin yaxınlığında yerləşən “cırtdan planet” kəşf olunub. “Super-Yer” isə onların arasında ən böyük və Günəş sisteminə ən yaxın məsafədə yerləşən göy cismidir. Onun həcmi Yerdən böyük olsa da, nəhəng qaz planetləri ilə müqayisədə kiçikdir. “Çox diqqətli təhlillərdən sonra biz bu planetin dəqiq yerini təsbit edə bildik. Onun ətrafında parlaq ulduzları, planetləri aşkar etmək üçün tədqiqatlarımız davam edir”, -deyə astronom əlavə edib.
Astronomlar bildiriblər ki, yeni kəşf olunmuş planetdə temperatur mənfi 170 dərəcə selsi təşkil edir. Bunun səbəbi isə “Super-Yer”in bizim planetə nisbətən 98 faiz az Günəş enerjisi almasıdır.