BMT TŞ-nin üzvü seçilən Cənubi Koreya KXDR probleminin daha səmərəli həlli üçün mövqeyini gücləndirib

A- A A+

Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iki il müddətinə qeyri-daimi üzvü seçilməklə Şimali Koreya probleminin və digər qlobal təhlükəsizlik məsələlərinin daha səmərəli həlli üçün BMT orqanındakı mövqeyini genişləndirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Yonhap” agentliyinin Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasına Asiya regionundan 2024-2025-ci illər üçün qeyri-daimi üzv seçilməsi ilə bağlı xəbərində qeyd olunur. Cənubi Koreyanın BMT-dəki nümayəndəsi Hvanq Cun-kuk bildirib ki, ölkəsi universal dəyərlərə, BMT Nizamnaməsinə əsaslanan diplomatiya vasitəsi ilə dünyada sülhün, azadlığın və tərəqqinin, habelə inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığın dərinləşməsi üçün əlindən gələni edəcək.

Qeyd edək ki, iyunun 6-da BMT Təhlükəsizlik Şurasına 5 qeyri-daimi üzvünün seçilməsi üçün təşkilatın Baş Assambleyasında səsvermə keçirilib. Afrika qitəsindən Əlcəzair (184 səs) və Sierra Leone (188 səs), Asiya-Sakit okean regionu üzrə Cənubi Koreya (180 səs), Latın Amerikası və Karib dənizi regionundan Quyana (191 səs) və Şərqi Avropa regionundan Sloveniya (153 səs) şuraya üzv seçiliblər. Qaydalara əsasən, qeyri-daimi üzv seçilmək üçün Baş Assambleyanın bütün üzvlərinin (193) ən azı üçdə ikisinin (129) səsi tələb olunur. Bunlardan yalnız Sloveniyanın səsvermədə rəqibi (Belarus) olub. Yeni üzvlərin səlahiyyət müddəti 2024-cü il yanvarın 1-də başlaycaq və 2025-ci il dekabrın 31-də başa çatacaq. Onlar BMT Təhlükəsizlik Şurasında müvafiq olaraq Qabon və Qananı (Afrika), Birləşmiş Ərəb Əmirliklərini (Asiya və Sakit okean regionu), Braziliyanı (Latın Amerikası və Karib dənizi regionu) və Albaniyanı (Şərqi Avropa regionu) əvəzləyəcəklər. Yeni seçilmiş ölkələrin hamısı əvvəllər də BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil olunublar.

BMT Təhlükəsizlik Şurasının 15 üzvü var. ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya daimi üzvlərdir. Qalan 10 üzv coğrafi regionlar üzrə 2 il müddətinə seçilirlər.

Azərbaycan 2011-ci ilin oktyabrında keçirilmiş səsvermədə 155 səslə Şərqi Avropa regionundan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilib. Azərbaycan Respublikası 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Bu iki ay müddətində Təhlükəsizlik Şurası 30 ictimai və fərdi iclas, 29 qapalı müşavirə keçirib, 7 qətnamə və sədrin 3 bəyanatını qəbul edib, mətbuat üçün 13 bəyanat verib. 2012-ci il mayın 4-də Təhlükəsizlik Şurasının iclasına Prezident İlham Əliyev sədrlik edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: