Yens Stoltenberq Vilnüs sammitinədək İsveçin NATO-ya üzv olacağına ümid edir

A- A A+

İsveç NATO-nun iyul ayında Vilnüs şəhərində keçiriləcək sammitinə qədər alyansa üzv ola bilər.

NUHÇIXAN xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bununla bağlı ümidini PBS telekanalına müsahibəsində ifadə edib.

“Əminəm ki, İsveç NATO-nun tamhüquqlu üzvü olacaq. Çox güman ki, bu, alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinə qədər baş tutsun, lakin mən buna zəmanət verə bilmərəm. İsveç bu istiqamətdə uzun yol keçib, əldə etdiyi namizədlik statusu sayəsində NATO strukturuna daha çox inteqrasiya olunub. Lakin bizə tam ratifikasiya lazımdır. Bunun mümkün qədər tez baş tutması üçün səylərimizi əsirgəmirik”, - deyə Yens Stoltenberq bildirib.

Türkiyənin prezident administrasiyasının kommunikasiyalar idarəsi Stokholmun Şimali Atlantika Alyansına üzvlüklə bağlı şərtləri yerinə yetirməsi məsələsi üzrə iyunun 14-də NATO, Finlandiya və İsveç məsləhətləşmələrinin keçirilməsi planlarını təsdiqləyib.

Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı 2022-ci ilin iyul ayında rəsmi müraciət edib. Finlandiya 2023-cü il aprelin 4-də alyansa üzv olub. İsveçin üzvlüyünə isə Türkiyə razılıq vermir. Ankara bunun üçün bir neçə şərt irəli sürüb. Bu şərtlər arasında kürd separatçılarının terror təşkilatı kimi tanınması, terrorda ittiham olunan şəxslərin Türkiyəyə ekstradisiyası və Ankaraya silah tədarükünə qoyulan qadağanın aradan qaldırılması yer alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: