KİV: “Erməni deputat Nikol Paşinyanı Rusiyadan imtina etməyə çağırıb”

A- A A+

“Ermənistan Baş naziri Nikol Paşinyanın lideri olduğu “Mülki Müqavilə” Partiyasının fəalları ilə Dilicanda keçirilən toplantı qalmaqallı məqamlarla yadda qalıb”.

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

Görüşün təfərrüatlarının dərc olunduğu məqalədə bildirilib ki, altı saat sürən toplantıda hökumət başçısı iki dəfə çıxış edib.

“Baş nazir artıq Azərbaycanla imzalanacaq sülh sazişinin konkret müddəti barədə heç nə deməyib: əgər əvvəl sənədin dekabr ayına qədər imzalanacağını deyirdisə, indi bu məsələyə ümumiyyətlə toxunmayıb. O bildirib ki, məsələ Rusiya ilə Qərb arasında davam edən münaqişə səbəbindən qeyri-müəyyən mərhələyə daxil olub. Baş nazir vurğulayıb ki, mövcud durum ağırdır və vəziyyət daha da gərginləşə bilər. Paşinyan bəyan edib ki, Ermənistan üçün başlıca məsələ vaxt udmaqdır”, - qəzet yazıb.

Toplantıda ən maraqlı məqam parlamentin deputatı Qurgen Arsenyanın çıxışı olub. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması barədə danışan deputat bildirib ki, 1980-ci illərin sonlarında Ermənistandan azərbaycanlıların qovulması ən böyük səhv addım olub.

Deputat hesab edir ki, azərbaycanlılar Ermənistanda qalıb yaşamalı idilər: “Belə olsaydı, milli münaqişə də olmazdı”, - məqalədə vurğulanıb. Qəzet yazıb ki, Q.Arsenyanın çıxışı birmənalı qarşılanmayıb və kəskin müzakirələr başlayıb.

Toplantıda Rusiya da tənqidlərdən kənarda qalmayıb. Nəşrin məlumatına görə, baş nazirin tərəfdarlarından olan Mariya Karapetyan antirusiya çıxışı ilə yadda qalıb: “O, hakimiyyəti radikal addımlar atmağa, Rusiyadan imtina etməyə çağırıb. Lakin baş nazir onu sakitləşdirməyə çalışaraq, bunun Ermənistan üçün təhlükəli nəticələrə gətirib çıxara biləcəyini izah etməyə çalışıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: