Emmanuel Makron 3-cü dəfə prezident olmaq üçün Konstitusiyaya dəyişiklik edəcəkmi?

A- A A+

Fransa Milli Assambleyasının sabiq sədri Rişar Ferran Konstitusiyaya dəyişiklik etmək təklifini irəli sürüb.

NUHÇIXAN xəbər verir ki, sonuncu parlament seçkilərində məğlub olandan bəri səsi çıxmayan Rişar Ferran yenidən peyda olaraq, dalana dirənmiş ölkəsini vəziyyətdən çıxarmaq üçün Fransa Konstitusiyasında dəyişiklik edilməli olduğunu deyib. Bu təklif prezidentə 3-cü mandatlığı verməyi nəzərdə tutur. Emmanuel Makrona yaxınlığı ilə tanınan R. Ferran siyasi kontekstdən söz açaraq, bəzi ideyalar irəli sürüb. Prezident düşərgəsini, eləcə də özünü respublikaçı adlandıran bütün siyasi qüvvələri indiki böhranlı vəziyyətdən çıxmaq üçün "qarşılıqlı güzəştlərə" çağıran Ferran bildirib ki, Konstitusiyanın bəzi qaydalarına yenidən baxmaq yaxşı olardı.

Dövlət başçısının üçüncü müddətə namizədliyi ilə bağlı suala cavabında makronist Ferran “xalq suverenliyinin azad ifadəsini məhdudlaşdıran” hər şeyə görə təəssüfləndiyini vurğulayaraq deyib: “Prezident mandatının müddətlə məhdudlaşdırılması, eyni vaxtda bir neçə vəzifəyə yiyələnməyə qadağa kimi qaydalar vətəndaşların sərbəst seçim azadlığını məhdudlaşdıraraq, ictimai həyatı sərt çərçivəyə alır. Belə qaydalar siyasi həyatımızı keyfiyyət və maraq baxımından zəiflədir və onu az cəlbedici edir”. O, qanunvericilikdə iki palatalığı, habelə respublika prinsiplərinin və ictimai azadlıqların ayıq-sayıq keşikçisi olan Konstitusiya Şurasını qoruyub saxlamaqla, digər qaydaları dəyişməyə çağırıb. Sabiq sosialist özünün çoxsaylı təkliflərini Konstitusiyaya yenidən baxılmasını dəfələrlə vəd edən Emmanuel Makrona təqdim edib.

2022-ci il seçkilərində məğlubiyyətə uğrayan Rişar Ferran o vaxtdan ictimaiyyət qarşısına çıxmasa da, onun prezident və hökumətə qeyri-rəsmi məsləhətlər verməklə pərdə arxasında fəallıq göstərdiyi bildirilir.

Məsələ ilə bağlı fransız siyasətçilərin reaksiyası müxtəlifdir. “Bəziləri üçün VI Respublika imperiyaya və ya imperiyadan sonrakı (1815-1848) restavrasiyaya bənzəyir”, - deyən sosialist siyasətçilər sanki artıq VI Respublikanın layihəsinin cızıldığını anlatmağa çalışıblar. Milliyyətçilər isə bunu Emmanuel Makron düşərgəsinin maxinasiyası adlandırıblar. “Emmanuel Makron Rişar Ferranı məhək daşı (sınaq topu) kimi göndərib. Bununla Makron prezidentliyə yenidən namizəd olmaq üçün Konstitusiyada dəyişiklik edə biləcəyini eşitdirir. Makronistlərlə demokratiyadan hər gün bir az da uzaqlaşırıq”, - Milli Birlik partiyasının deputatı Sebastyən Şönu yerli radioya müsahibəsində belə deyib.

Atalar denişkən, “od olmasa, tüstü çıxmaz”. Yəqin ki, fransız siyasətçilər ictimai fikri yavaş-yavaş qarşıdakı Konstitusiya dəyişikliyinə hazırlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: