İrəvandakı Rusiya-Erməni Universiteti ətrafında qalmaqal yaranıb

A- A A+

Ermənistanda fəaliyyət göstərən Rusiya-Erməni (Slavyan) Universiteti ətrafında qalmaqal yaranıb.

NUHÇIXAN Ermənistanda dərc olunan “İravunk” qəzetinə istinadən xəbər verir ki, ali məktəbin keçmiş rektoru Armen Darbinyanın Rusiya tərəfi ilə ciddi problemləri var.

Problemlər isə ən müxtəlif məsələləri əhatə edib. Bura A.Darbinyanın cinsi azlıqları müdafiə etməsindən tutmuş, tanınmış rusofobları universitetin müəllim heyətinə daxil etməsinə kimi ən müxtəlif məsələlər daxildir. Ciddi narahatlıq doğuran məsələlərdən biri də ali məktəbin tələbələrinin anti-Rusiya aksiyalarında iştiraklarının artmasıdır.

Rusiya tərəfinin universitetin təsərrüfat fəaliyyətini yoxlaması isə korrupsiya əməllərinə yol verildiyini üzə çıxarıb. Bu proses iki ildir ki, davam edir. Bir neçə gün bundan öncə təhsil ocağında A.Darbinyanın iştirakı ilə növbəti rektor seçkiləri keçirilib. Rusiya tərəfi bu vəzifəyə prorektor Parqev Avetisyanın seçilməsində israr etsə də, rusiyapərəst mövqeyi ilə seçilən bu şəxsin namizədliyi Ermənistan hakimiyyəti tərəfindən narazılıqla qarşılanıb və onun digər bir prorektor - Eduard Sandoyanla əvəzlənməsində israr ediblər.

A.Darbinyanın yaxın dostu olan bu şəxs liberal baxışları ilə tanınır, 1998-1999-cu illərdə Ermənistanın maliyyə naziri vəzifəsində çalışıb. Bu səbəbdən də Qərbin maliyyə dairələrində yaxşı tanınır. Səsvermə zamanı P.Avetisyan namizədliyini geri götürdüyündən E.Sandoyan sonda rektor seçilib.

Lakin qalmaqal səngiməyib. Rusiya tərəfi seçkilərin saxtakarlıq şəraitində keçdiyini və nəticələri tanımayacağını bəyan etsə də, baş nazir Nikol Paşinyan problemi həll etməyə müvəffəq olub. Nəticədə, Rusiya da bir il E.Sandoyanın rektorluğuna “dözəcəyini” bildirib. Lakin erməni mediasında yer alan xəbərlərə görə, problemi həll edilmiş saymaq olmaz. Belə ki, yaxın vaxtlarda universitet ətrafında gərginliyin artacağı istisna edilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: