ABŞ Senatının profil komitəsi 2024-cü ilin hərbi büdcəsini təsdiqləyib

A- A A+

ABŞ Konqresi Senatının Silahlı Qüvvələr Komitəsi 2024-cü maliyyə ili üçün 886,3 milyard dollar həcmində hərbi büdcəni təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, komitənin mətbuat xidmətinin məlumatına görə, 24 senator hərbi büdcənin lehinə və yalnız bir nəfər əleyhinə səs verib.

Senatorlar ABŞ administrasiyası tərəfindən Çin və Rusiyaya yönələn Sakit Okean və Avropa müdafiəsi təşəbbüsünü (müvafiq olaraq 9,1 milyard və 3,6 milyard dollar) tam olaraq qəbul edib. Bundan başqa, qanun layihəsində Ukraynaya hərbi yardım üçün xərclər (300 milyon dollar) ixtisarsız təsdiqlənib. Ümumilikdə 286 düzəlişin edildiyi sənəd bundan sonra Senatın tam heyətinin müzakirəsinə çıxarılacaq.

İyunun 22-də ABŞ Konqresinin Nümayəndələr Palatasının profil komitəsi növbəti maliyyə ili üçün özlərinin hazırladığı hərbi büdcəni (eyni həcmdə) təsdiqləyərək aşağı palatanın tam heyətinə göndərib.

Həm Senat, həm də Nümayəndələr Palatası öz layihə versiyalarını təsdiq etdikdən sonra o, razılaşdırma komissiyası tərəfindən yekunlaşdırılacaq. Bundan sonra sənədin vahid variantı hər iki palatada səsverməyə çıxarılacaq və imzalanması üçün Prezident Cozef Baydenə göndəriləcək. Adətən bütün bu proses payıza – qışın əvvəlinədək davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: