Əlcəzairəsilli Nahelin polis tərəfindən qətlə yetirilməsindən sonra ölkəni bürüyən zorakılıq aktları və bunun qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməməsi Fransadakı dövlət böhranından xəbər verir. Polisin təhrif etdiyi hadisənin əsl üzü açıldıqdan sonra qəzəbli vətəndaşları sakitləşdirmək hələ ki mümkün deyil. Hadisənin ilk iki günündə Prezident Emmanuel Makron hökumət üzvləri ilə iki dəfə böhran iclası keçirsə də, onların heç bir nəticəsi olmayıb. Çünki son illərdə ölkə rəhbərliyi vətəndaşların etirazlarına lazımi cavab verməyib, zorakılıqlara əl ataraq sadə xalqın “səsini boğub” onu sakitləşdirməyə çalışıb. Bir sözlə, etirazların bu həddə çatmasında məhz indiki hökumət özü günahkardır. Daxili idarəetmədə səriştəsizlik xarici siyasətdə onun-bunun işlərinə müdaxilə cəhdləri ilə ört-basdır edilib. Ancaq səriştəsiz idarəetmə ölkəni sanki qaynayan qazana çevirib. İnsanların qəzəbi o həddə çatıb ki, hətta komendant saatı tətbiq edilməsinə baxmayaraq, xüsusilə də gənclər küçələrə axışaraq, onlara qarşı olan ayrı-seçkiliyə və laqeydliyə son qoymağa çağırışlar edirlər. Gənclər illərdir səslərinin eşidilməməsinə etirazlarını bildirirlər. Gənc Nahelin ölümü isə dolmuş “qəzəb qazanı”nın daşması üçün qığılcım oldu. Əslində, bu gün ölkəni bürüyən etirazlar son illər yığılıb qalmış problemlərin nəticəsidir.
Fransanın 18 şəhərini bürüyən etirazlar siyasi elitanın vətəndaşların taleyinə etinasız yanaşmasının bariz nümunəsidir. Bu, eyni zamanda, Fransada irqçiliyin, xüsusilə də müsəlmanlara qarşı nifrətin pik nöqtəyə çatdığını göstərir.
Adlarının açıqlanmasını istəməyən gənclər polisin zorakılığına artıq dözmədiklərini bildirirlər. Gündəlik həyatda dəfələrlə polisin şəxsiyyət yoxlamasına məruz qaldıqlarını və bundan təngə gəldiklərini deyirlər. Qeyd edilir ki, polis hətta onlara öz məhəllələrindən çıxmağa da imkan vermir. Həmçinin gənclər yaşadıqları kvartallardakı həyat səviyyəsinin son dərəcə aşağı olmasından bezdiklərini vurğulayırlar. Polis mənşəcə Şərqi Avropa ölkələrindən olan gənclərə də “ərəb” deyərək, bir növ müsəlmanlara qarşı olan ayrı-seçkiliyi aydın şəkildə göstərir.
Bəzi assosiasiyalar belə məhəllələrdə məktəblərin, səhiyyə xidmətlərinin sıfır dərəcəsində olduğunu bildirirlər. Qeyd edirlər ki, bu barədə dəfələrlə məlumat vermələrinə baxmayaraq, hökumət tərəfindən heç bir tədbir görülmür. Bu gün onlar dövlətin sakinlərin problemlərinə vaxtında reaksiya verməməsinə, biganə qalmasına etiraz edirlər.
Bugünkü vəziyyət bir daha Fransada dövlətin öz səlahiyyətlərini yerinə yetirmədiyini, idarəetmənin çökdüyünü nümayiş etdirir. Son illər Fransada irqi ayrı-seçkiliklə vəziyyətin son dərəcə acınacaqlı olduğu da göz önündədir.
Emmanuel Makronun hakimiyyətə gəlməsi ilə Fransanın demokratiyanın beşiyi olmasına son qoyulub. Hətta bir çox siyasətçilər belə ölkədəki indiki vəziyyəti avtoritarizm adlandırırlar.
Peşəsi prezidentlikdən çox dərs vermək olan E. Makronun söylədikləri bu gün sərt şəkildə sifətinə çırpılmaqdadır. “Cənab Makron dərs verir... Ancaq dərs verənləri nə gözləyir bilirsinizmi? Ümumiyyətlə, verdikləri dərs elə qayıdıb onların sifətini çırpılır”. Vaxtilə bu sözləri sabiq Prezident Nikola Sarkozi öz sələfi haqqında deyib. “Fransua Ollandın təyin etdiyi və ona çörək verən əli dişləyən bir adam üçün bu, yeni davranış deyil”, - deyən Sarkozi, həmçinin bir növ çörəyi dizinin üstündə olan E. Makronu təhqir edərək “onun hər kəsə əxlaq dərsi verdiyini, ancaq özünə tətbiq etmədiyini” bildirmişdi.
Alən Jüpe isə “Journal du Dimanche” qəzetinə müsahibəsində E. Makronun səriştəsiz və loyallıqdan uzaq olduğunu deyərək, onu hökumət seçimində uzaqlaşdırdığını bildirib.
Elə fransız siyasətçilərinin öz prezidentləri haqqında dedikləri E. Makronun nə dərəcədə səriştəsiz olmasından xəbər verir. Səriştəsi olmayan bu “prezident”in bu gün ölkəsini saldığı vəziyyət deyilənləri təsdiqləyir.
Seçilməsindən sui-istifadə etdiyinə, legitimliyini seçkilərlə əsaslandıran və avtokrat davranışı ilə tənqid olunan E. Makronun seçildiyi vəziyyət də diqqəti cəlb edir. “TF1” kanalının səsvermənin avtomobillə təşkil olunduğu 66 kommunada seçkilərin nəticələri ilə bağlı hazırladığı veriliş, eləcə də seçki zamanı Daxili İşlər Nazirliyində kompüterlərin sönməsi ilə bağlı dolaşan söz-söhbət 2022-ci il prezident seçkilərinin ədalətli keçirilməsi və legitimliyi ilə bağlı çoxsaylı suallar doğurur.
Dünyaya demokratiya dərsi keçməyə çalışan bir ölkədə bu gün insanların təhlükəsiz yaşamaq, şəxsi mülkiyyət kimi fundamental hüquqları belə təmin edilmir. Polis, eləcə də Makron hökuməti etirazçılar və etirazlarla paralel olaraq baş verən soyğunçuluq halları qarşısında aciz qalıblar, çünki real vəziyyəti idarə etməyə qadir deyillər. Daxili vəziyyətini idarə edə bilməyən E. Makron məhz buna görə də erməni lobbisinin marionetinə çevrilib. Azərbaycanın regionda yaratdığı reallığı dərk etməkdə aciz olan indiki Fransa Prezidentinin əlindən bir iş gəlməsə də, erməni lobbisinin marionetkasına çevrilərək, ona vədlər verməkdə davam edir. İki mandat çərçivəsində xalqına bir-birinə zidd iki vəd verən və onu yerinə yetirməyən, yaxud yerinə yetirməyi bacarmayan E. Makronun erməni lobbisinə verdiyi şirin vədlərə əməl edəcəyi də inandırıcı görünmür. Ölkəsində vətəndaşların fundamental hüquqlarını təmin etməyə qadir olmayan bir prezidentin isə, ümumiyyətlə, insan hüquqlarından danışmağa haqqı yoxdur.