Türkiyənin hakimiyyət orqanları fəaliyyət müddəti iyulun 17-də bitən Qara dəniz taxıl təşəbbüsünün uzadılması məqsədilə Ukrayna və Rusiya ilə danışıqları davam etdirir.
NUHÇIXAN xəbər verir ki, TASS agentliyinin mənbəyi Rusiya tərəfinin taxıl sazişinin uzadılmasına ümidlərin az olduğu barədə bəyanatını şərh edərkən deyib.
“Dialoq davam etdiriləcək. Türkiyə eyni zamanda həm Kiyev, həm də Moskva ilə bu mövzuda danışıqlar aparan yeganə ölkədir. Rusiyanın hərbi obyektlərinə zərbə endirilməsindən sonra Moskvanın sazişdə iştirakını dayandırdığı oktyabrın 29-da da problemi həll etmək mümkün oldu. Məsələ profil strukturları tərəfindən hazırlandıqdan sonra onu iki ölkə liderinin nəzərdən keçirəcəyi ehtimalı yüksəkdir”, - deyə agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, Rusiyanın kənd təsərrüfatı məhsullarının və gübrəsinin ixracına qadağanın aradan qaldırılması məsələsi BMT və Qərb dövlətləri nümayəndələri ilə müzakirə olunur.
Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda Ukrayna taxılının beynəlxalq bazara çatdırılması üzrə sənədlər paketi imzalanıb. Razılaşma ilkin olaraq 120 gün müddətinə nəzərdə tutulsa da, sonradan bir neçə dəfə uzadılıb. Rusiya rəhbərliyi İstanbul razılaşmasında nəzərdə tutulan Moskvaya aid paketin işə düşməyəcəyi təqdirdə taxıl sazişinin uzadılmayacağını dəfələrlə bəyan edib.