Fransada etiraz aksiyasının iştirakçıları iyunun 27-dən bəri mindən çox mağazanı və 200 ticarət mərkəzini yandırıb və qarət edib.
NUHÇIXAN xəbər verir ki, bu rəqəmləri ölkənin iqtisadiyyat maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Brüno Le Mer BFMTV telekanalının efirində səsləndirib. Onun sözlərinə görə, iğtişaşlar zamanı 250 bank ofisi, 450 tütün dükanı, 200 ticarət mərkəzi və mindən çox mağaza hücuma məruz qalıb.
Nazir zərər çəkən sahibkarların bir müddət vergi və sosial ödəmələrdən azad ediləcəyini deyib. Bundan başqa, hakimiyyət orqanları iğtişaşların ziyan vurduğu biznesə sığorta kompaniyaları ilə bağlı məsələlərin həllində kömək göstərəcək.
Xatırladaq ki, Nanter şəhərində Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra ölkəni iğtişaşlarla müşayiət olunan etiraz dalğası bürüyüb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək 737 polis əməkdaşı xəsarət alıb, iğtişaşlarda iştirak edən 3,5 min nəfər saxlanılıb. Son bir neçə gecə ölkə üzrə növbətçiliyə 45 min qanun keşikçisi cəlb olunub.