Konstitusiya gününün qeyd olunduğu Ermənistanda konstitusiyaya əməl olunmadığı, onun maddələrinin kobud şəkildə pozulduğu barədə yerli mediada yazılar dərc olunub.
NUHÇIXAN xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalədə Ermənistan Respublikasının suverenliyinin sual altında qaldığı qeyd olunub.
Konstitusiyanın 3-cü maddəsində qeyd olunan “Ermənistan Respublikasında insan ləyaqəti ən yüksək dəyərdir” fikrini məsxərəyə qoyaraq “Hansı ləyaqətdən danışırıq ki, kiminsə özbaşınalığı nəticəsində bir adam hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən səbəbsiz yerə döyülə, həbs oluna və işindən məhrum edilə?”.
“Ermənistanda dövlət hakimiyyəti ayrı-ayrı şəxslərin iradəsi ilə həyata keçirilir və çox təəssüf ki, bu da erməni xalqının maraqlarına uyğun deyil. Konstitusiyanın demək olar ki, tam işlək maddəsi yoxdur. Hətta mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı maddə də pozulur. Hakimiyyət qanunları dəyişdirməklə o yerə çatıb ki, istənilən adamın əmlakını əlindən ala bilir”, – deyə tənqidi yazıda qeyd olunub.
Məqalədə Ermənistan konstitusiyasının 13-cü maddəsindəki “Bütün dövlətlərlə qonşuluq, qarşılıqlı faydalı münasibətlər qurmaq”, konstitusiyanın 14-cü maddəsindəki “Ermənistan Respublikasının təhlükəsizliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı” fikirləri də təhlil edilib. Artıq erməni mediasında da etiraf edilir ki, uzun illərdən bəri Ermənistan Respublikası düzgün qonşuluq siyasəti apara bilməməklə bərabər, ərazi bütövlüyünü qoruya biləcək orduya da sahib deyil. Yəni işğalçılıq siyasəti ölkəni uçuruma aparır və artıq konstitusiyanın heç bir maddəsinə əməl olunmur.
Son olaraq məqalədə qeyd olunur ki, “Ermənistan dövləti saxta hökumətə çevrilib. Qanunlar, hakimiyyət tərəfindən atılan addımlar, Ermənistandakı təhlükəsizlik və sabitlik - hər şey saxtadır, real deyil”.