İsveçrə də Avropada hava hücumundan müdafiə üçün nəzərdə tutulan “Səma qalxanı” (“Sky Shield”) sisteminə qoşulacaq.
NUHÇIXAN xəbər verir ki, Avstriya rəsmilərinin ardınca İsveçrənin müdafiə naziri Viola Amherd də ölkəsinin müdafiə sisteminə qoşulacağını təsdiqləyib.
O bildirib ki, neytral ölkələr üçün də bir çox sahələr üzrə “Səma qalxanı”nda iştirak mümkün hesab olunur.
İsveçrənin təşəbbüsə qoşulacağı iyulun 7-də Berndə Almaniya, Avstriya və İsveçrənin müdafiə nazirlərinin üçtərəfli görüşündə baş tutmalıdır. Qeyd edilib ki, Avstriya və İsveçrə kimi ölkələr əlavə sənəd imzalamaqla neytrallıqlarından irəli gələn məsələləri (məsələn, beynəlxalq münaqişələrə qoşulmama və s.) təsbit edə biləcəklər.
İsveçrənin Xarici İşlər Nazirliyi niyyət bəyanatının ardınca hansı sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanını araşdıracaqdır. Nazirlik tərəfindən “Patriot” hava hücumundan müdafiə sistemi bu istiqamətdə nümunə kimi göstərilib.
Qeyd edilməlidir ki, “European Sky Shield Initiative” (Avropa Səma Qalxanı Təşəbbüsü) Aİ və NATO üzvü Almaniyanın layihəsidir və Ukraynadakı müharibəni nəzərə alaraq Avropada hava hücumundan müdafiəni təkmilləşdirməyə, mövcud boşluqları doldurmağa və vahid sistem halına gətirməyə xidmət edir. Hazırda təşəbbüsə 17 ölkə qoşulub.