Çinin cənub-qərbindəki Çonçin şəhərində son 3 gündə yağan şiddətli yağışlar 15 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub.
NUHÇIXAN şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, leysan yağışları əsasən Vancou rayonunda fəsadlar törədib, 2500 nəfərdən çox sakin təxliyə edilib. Hazırda itkin düşənlərin axtarışları davam edir. Paralel olaraq təbii fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılması işləri aparılır. Bu işləri idarə etmək üçün fövqəladə halların idarəedilməsi və su ehtiyatları nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupu Çonçinə ezam olunub.
Mərkəzi hökumət ölkənin müxtəlif yerlərində mövsüm yağışlarının törətdiyi fəsadlarla mübarizə üçün 320 milyon yuan (təxminən 75 milyon ABŞ dolları) vəsait ayırıb.
Qeyd edək ki, hazırda Çində musson yağışları mövsümüdür. Səlahiyyətli qurumlar leysan yağışları ilə əlaqədar mütəmadi olaraq müxtəlif dərəcədə xəbərdarlıq elan edir. Müvafiq qurumlara və əhaliyə leysan yağışlarının səbəb olacağı sel, daşqın, torpaq sürüşməsi, palçıq axını kimi fəsadlara hazır olmaq tövsiyə edilib. Subasma, habelə dağlıq ərazilərdə qaya axını, sürüşmə təhlükəsi əsas götürülərək, avtomobil yollarında qabaqlayıcı tədbirlər görülür. Çökək yerlərdə yaşayanların daşqın halında təxliyəsi üçün planlar da hazırlanıb. Fövqəladə Halların İdarəedilməsi Nazirliyi iyul ayında mövsümi yağışlarla əlaqədar ölkənin əsas çaylarında və göllərində suyun səviyyəsinin çoxalaraq daşması ehtimalı barədə xəbərdarlıq edib.