Avropa İttifaqı (Aİ) Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib.
NUHÇIXAN Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə parlamentin sədri Alen Simonyan məlumat verib. O, Polşaya səfəri zamanı Prezident Andjey Duda ilə görüşdə Aİ-nin qərarından şikayət edib. Bildirib ki, Ermənistan hökuməti, inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) “texniki yardım” istəyib. Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır.
“Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib”, – deyə Simonyan vurğulayıb. O, Aİ-nin bu qərarının ölkəsində etirazlara səbəb olduğunu və birmənalı qarşılanmadığını bildirib.