“OceanGate Expeditions” şirkəti sualtı “Titan”ın iyun ayında Atlantik okeanında batması səbəbinə görə fəaliyyətini dayandırdığını bildirib.
NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə şirkətin saytında məlumat dərc olunub.
“OceanGate” bütün tədqiqat və kommersiya fəaliyyətini dayandırır", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, iyunun 19-da şirkət “Titanik”in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş “Titan”la əlaqəni kəsdiyini açıqlayıb. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi “Titanik” yaxınlığında dağıntıların aşkar edildiyini bildirib.
“Titan”ın göyərtəsində “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı və istismarı ilə məşğul olan “Action Aviation” şirkətinin sahibi britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olublar.