“Belarusdakı “Vaqner”çilər Polşa ilə sərhəddə təxribat törədə bilərlər”.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski deyib.
Onun sözlərinə görə, “Vaqner” Xüsusi Hərbi Şirkətin üzvləri konkret tapşırıqları yerinə yetirmək üçün iki ölkə sərhədinə gələ bilərlər: “Polşa ölkə sərhədində sabitliyin pozulmasına imkan verməyəcək. Ona görə də artıq qabaqlayıcı tədbirlər görülür”.
Nazirin sözlərinə görə, Belarusdakı “Vaqner”çilər Polşa ilə yanaşı, Ukrayna və Litva üçün də təhdid yarada bilərlər: “Əlbəttə, onlar Belarusa istirahət üçün getməyiblər”.
M.Kaminski onu da deyib ki, Polşa xüsusi xidmət orqanlarında “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Belarusda olmasına dair hansısa məlumat yoxdur.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko dünən Y.Priqojinin Belarusda olmadığını söyləmişdi.
Kreml sözçüsü Dmitri Peskov isə Rusiya rəhbərliyinin “Vaqner” rəhbərinin hərəkətləri ilə maraqlanmadığını bildirmişdi.