Avropa İttifaqı (Aİ) mikrosxemlərin hazırlanması və istehsalına qoyulan sərmayələri artırır. Belə ki, Çindən bu mühüm xammalı idxal etmək getdikcə daha çətin olur.
NUHÇIXAN “Euronews” telekanalının saytına istinadla xəbər verir ki, iqtisadi rifahın rəmzi sayılan nefti XXI əsrdə mikrosxemlər əvəz edir. Onlar mobil telefonların, tozsoranların, günəş batareyalarının, elektromobillərin ən mühüm hissəciyidir. Amma Aİ-də yarımkeçiricilərin istehsalı hələ də aşağı səviyyədədir. Bu səbəbdən çiplər haqqında Avropa Qanunu adlanan layihə hazırlanıb. Bu sənəddə 2030-cu ilədək mikrosxemlərin istehsalının dörd dəfə artırılması nəzərdə tutulur ki, bu da qlobal göstəricilərin 20 faizini təşkil edəcək.
Avropa Komissiyasının Sədri Ursula Fon der Lyayen bununla bağlı deyib: “Biz Şərqi Asiyadan olan çox az sayda tədarükçülərdən asılılığı azaltmalıyıq. Eyni zamanda, mikrosxemlərin tədarükündə olan riskləri də fəal şəkildə minimuma endirməliyik. Bu, həyati əhəmiyyət daşıyır. Biz dizayn, sınaq və istehsalı burada – Avropada həyata keçirməliyik. Ona görə də çiplər haqqında Qanun oyun qaydalarını dəyişəcək”.
Avropa Komissiyası sözügedən layihəyə 43 milyard avro məbləğində dövlət və özəl investisiyalar ayırmağa ümid edir. Bu məbləğin 1 milyard avrosu Belçikanın Lyöven şəhərində yerləşən tədqiqat mərkəzinə veriləcək. Burada müxtəlif ölkələrdən elektronika üzrə 100-ə yaxın mütəxəssis çalışır. Mikrosxemlərin istehsal gücü bir neçə ildən sonra təkcə Aİ-nin üzv ölkələrini təmin etməyəcək, həm də qlobal bazarda rəqibləri sıxışdıra biləcək.
Alman Marşal Fondunun (ABŞ) analitiki Yakob Kirqeqor bildirib: “Şübhəsiz ki, çiplər haqqında Qanun arzu etdiyimiz səmərəni verəcək. Lakin o, həm də təklifin tələb üzərində üstünlüyünü təmin edəcək və qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Onların istehsalından sonra vergiödəyicilərinin hesabına fəaliyyət göstərən kompaniyalar çoxlu pul vəsaiti itirəcək. Avropaya belə perspektiv lazımdır? Yəqin ki, hazırkı məqamda Tayvan və Çindən daha az asılı olmaq baxımından lazımdır”.
Bu arada, son zamanlar Avropa İttifaqı ilə Çin arasında ticari münasibətlərdə gərginlik də artıb. Bu həftə Pekin ikitərəfli əmtəə dövriyyəsi üçün yeni baryer qoyaraq, mikrosxemlərin istehsalı üçün iki əsas xammal növünün – nadir qallium mədən metalının və germaniumun ixracını məhdudlaşdırıb. Öz tərəfindən, Brüssel də Çin şirkətlərinin mikrosxemlər texnologiyası, xüsusən süni intellekt üçün nəzərdə tutulan texnologiyanın əldə etməsini çətinləşdirib.
Çiplər haqqında Qanun gələn həftə Strasburqda Avropa parlamentinin üzvlərinin səsverməsinə təqdim ediləcək. Sənədin təsdiq olunacağı təqdirdə, cari ilin payızında müvafiq proseslərə start veriləcək.