Çinin şimal hissəsindəki Hebey vilayətində anomal isti hava şəraiti ilə əlaqədar yenidən ən yuxarı – “qırmızı” səviyyədə xəbərdarlıq elan edilib.
NUHÇIXAN vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, meteoroloqlar iyulun 10-da havanın temperaturunun 40 dərəcə Selsini ötəcəyini proqnozlaşdırır. Əhaliyə açıq hava fəaliyyətlərini təxirə salmaq, günvurma və istivurma hallarına hazır olmaq tövsiyə edilib.
Vilayətin meteoroloji xidməti cari il ərzində 18 gündə havanın temperaturunun 35 dərəcədən yuxarı olduğunu açıqlayıb. Bu, 1961-ci ildən bəri ən yüksək göstəricidir. İyulun 6-da vilayətin paytaxtı Şıciacuan şəhərinin Pinşan rayonunda havanın hərarəti 43,7 dərəcəyə çatıb. Bu, Hebey üçün rekord göstəricidir. Hebeydə isti hava dalğasında ən azı 2 nəfərin öldüyü bildirilir.
Hebeydən başqa, Çinin mərkəzi bölgələrindən olan Henanda da havanın hərarətinin 40 dərəcəni ötməsi proqnozu ilə bağlı olaraq “qırmızı” xəbərdarlıq elan edilib. Henan vilayətində iyulun 7-dən bəri anomal isti hava müşahidə olunur.
Qeyd edək ki, iyununun ortasından başlayaraq paytaxt Pekin də daxil olmaqla Çinin əsasən şimal hissəsində anomal isti hava müşahidə olunur. Bu dövrdə 5 dəfə isti hava dalğası qeydə alınıb. İyun ayında Pekin və Tiencin şəhərlərində, habelə Sincan Uyğur Muxtar Rayonunda havanın hərarətində rekordlar qeydə alınıb.
Ümumiyyətlə, Çində son 60 ilin ən çoxsaylı isti günləri hökm sürür. Milli İqlim Mərkəzinin məlumatına əsasən, 40 dərəcə isti 200 milyondan çox insanın yaşadığı bölgəni əhatə edir.