Polşa parlamentinin aşağı palatasında Volın qətliamı ilə əlaqədar eksqumasiyanın aparılması qərara alınıb, bütün soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, Polşa Ukraynanın İkinci Dünya müharibəsi zamanı törədilən Volın qırğınına görə günahını etiraf etməsini gözləyir. Bu barədə Polşa parlamentinin aşağı palatasının (Seym) Volın soyqırımı qurbanlarının xatirəsinin anım günü ilə bağlı qəbul etdiyi qətnaməsində bildirilib.
Sənədin mətnində qeyd edilib: “Ukrayna günahını etiraf etməli və İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini əbədiləşdirməlidir. Eksqumasiya aparmaq, bütün soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək lazımdır”.
Səsvermədə 440 deputat iştirak edib və bütün deputatlar qətnamənin qəbulunu yekdilliklə dəstəkləyiblər.
Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı - 1943-cü ildə ukraynalı millətçilər Volındakı polyakları məhv etmək üçün əməliyyat keçiriblər. Qurbanlar əsasən qadınlar, uşaqlar və qocalar olub.
Polşa parlamenti iyulun 11-ni Soyqırımı Qurbanlarının Milli Anım Günü kimi təsis edib. Bir qayda olaraq, bu tarixlə əlaqədar bütün ölkədə anım tədbirləri keçirilir, Volında polyakların faciəli taleyinə həsr olunmuş mühazirələr, görüşlər, sərgilər təşkil olunur və qurbanlar ehtiramla yad edilir.