Cənubi Koreya nümayəndəsi Kim Çon Yan noyabrın 21-də İnterpolun yeni prezidenti seçilib.
NUHÇIXAN təşkilatın rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, səsvermə İnterpolun Baş Assambleyasının 87-ci sessiyası çərçivəsində keçirilib. Kim Çon Yanla yanaşı, bu posta İnterpolun Avropa üzrə vitse-prezidenti, Rusiyanın Daxili İşlər Nazirliyinin general-mayoru Aleksandr Prokopçuk da iddialı idi.
Qeyd edək ki, İnterpolun yeni rəhbəri postuna seçkilər oktyabr ayında Beynəlxalq Cinayət Polisinin əvvəlki prezidenti Men Hunveyin istefasından sonra elan olunmuşdu. O, sentyabrda itkin düşmüş və sonra barəsində korrupsiya işi üzrə təhqiqatın aparıldığı Çində peyda olmuşdu.
Qaydalara əsasən, Hunveyin istefasından sonra onun səlahiyyətləri müvəqqəti olaraq bundan əvvəl təşkilatın böyük vitse-prezidenti vəzifəsində çalışan Kim Çon Yana keçmişdi.