Fransada iyulun 14-də qeyd olunan Bastiliyanın alınması günü (Fransanın milli bayramı) ilə əlaqədar misli görünməmiş təhlükəsizlik tədbirləri nəzərdə tutulur.
NUHÇIXAN Fransa mediasına istinadla xəbər verir ki, asayişin qorunmasına ümumilikdə 130 min hərbçi, polis, jandarm və yanğınsöndürən səfərbər ediləcək. Onlardan 45 mini bayram ərəfəsində - cümə axşamı günü növbətçilikdə olacaq.
Daxili işlər naziri Cerald Darmanenin sözlərinə görə, gücləndirilmiş mühafizəyə jandarm helikopterləri, pilotsuz təyyarələr və zirehli texnikalar da cəlb olunacaq. Təhlükəsizlik qüvvələrinin qarşısına yenicə səngiməyə başlayan iğtişaşların təkrarlanmasına yol verməmək vəzifəsi qoyulub. Prezident Emmanuel Makron maksimum qətiyyət göstərməyi vəd edib.
2022-ci ildə Fransanın milli bayramı zamanı hüquq-mühafizə orqanlarının 125 minə yaxın əməkdaşı səfərbər edilmişdi. İğtişaşlar nəticəsində 55 polis işçisi yaralanmış, 749 avtomobil yandırılmış, 807 nəfər saxlanılmışdı.