İtaliyada iyulun 15-də saat 10-dan 18-dək hava limanlarının yerüstü işçi heyəti tətil edəcək.
NUHÇIXAN xəbər verir ki, tətil səbəbindən aviaşirkətlər uçuşları vaxtından əvvəl ləğv etməyə başlayıb. “Ita Airways” 133 daxili və beynəlxalq reysi ləğv etmək məcburiyyətində qalıb. “Ryanair”, “Vueling” kimi aviaşirkətlərin uçuş heyətinin də tətilə qoşulacağı bildirilib.
İtaliya Mülki Aviasiya İdarəsi (ENAC) təyyarələrin hərəkəti ilə bağlı zəmanətli uçuşların siyahısını açıqlayıb. Təxminən 270 mindən çox sərnişinin səyahəti ləğv edilmiş reyslər və gecikmiş uçuşlar səbəbindən risk altında olacaq.
Qeyd edək ki, İtaliyada ötən gün “Trenitalia” və “Italo” dəmir yolu şirkətlərinin işçiləri tətil edib, bu, ölkənin hər yerində sərnişinlər arasında böyük narahatlıq və təşvişə səbəb olub.