Ermənistanda döyüşdən qaçan hərbçilərin silsilə həbsi davam edir

Fərarilər müharibədə sağ qaldıqlarına görə ittiham olunurlar.

A- A A+

44 günlük müharibədə Ermənistan ordusunun darmadağın edilməsi və döyüş meydanından erməni terrorçularının baş götürüb qaçması hələ də düşməni şokdan ayıltmayıb. Məğlub ordunun sağ qalan hərbçiləri həm bir-birini ittiham edir və həm də vətənə xəyanət maddəsi ilə həbs edilirlər. Ermənistanın prokurorluq orqanları hər gün müharibə zamanı hərbçilərin törətdiyi cinayətlər barədə mətnlər dərc edir, onları xəyanətdə, vicdansızlıqda ittiham edərək cinayət işi açır. Ermənistan mətbuatında isə döyüşdən qaçanlara haqq qazandırmağa çalışanların sayı gündən-günə artmaqdadır. Fərariləri müdafiə edən qruplar fikirlərini belə əsaslandırırlar ki, tam təchizatlı, nizamlı və peşəkar Azərbaycan Ordusunun qarşısında tab gətirmək çətin olub. Buna görə də itkilərin sayını azaltmaq üçün döyüş meydanından qaçmaq ən yaxşı variant ola bilərdi.  

“Hraparak” erməni nəşrində dərc olunan yazıda tabor komandirinin müavini Mesrop Petrosyana qarşı 2020-ci il sentyabrın 27-də hərbi vəziyyət dövründə Azərbaycan Ordusunun irəliləyişini dayandırmaq əvəzinə şəxsi heyət arasında təşviş yaradaraq geri çəkilmək əmri verməsi ilə bağlı cinayət işi açılıb. 

Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun müdafiə xəttini yardığını öyrəndikdə, Talış istiqamətindən Azərbaycan tanklarının onları məhv edəcəyini müşahidə edib. Buna görə də dərhal geri çəkilməyi əmr edərək döyüşmədən bütün şəxsi heyətlə döyüş mövqeyini tərk edib. Erməni mətbuatında fərariləri müdafiə edərək bildirirlər ki, indi Petrosyan özünü və ekipajını ölümə aparmamaqda ittiham olunur.

Məhkəməyə göndərilən digər iş sabiq fövqəladə hallar naziri, general Andranik Piloyanla bağlıdır. İttihama görə, motoatıcı alayın komandiri polkovnik Armen Qriqoryan Piloyanın ruhi və psixoloji durumunun çökdüyünü əsas gətirərək onun əmrinə əməl etməyib və cəbhə xəttinə getməkdən imtina edib. Digər təqsirləndirilən hərbçi polkovnik-leytenant Samvel Muqsyan  isə hərbi xidmət borcunu yerinə yetirməkdən imtina edib. Cəbrayıl istiqamətində 30 nəfərlik qrupla qaçmağı “bacaran” qərargah zabiti A. Taron və digər bir ehtiyatda olan hərbçi Armen Ajamyan fərarilikdə ittiham ediliblər.

Ermənistan ordusundakı fərarilik halları və müharibə cinayətləri ilə bağlı nümunələr çoxdur. Bununla da, məğlubiyyətdə günahkar bilinən insanların sayı gündən-günə artır. Ermənistan ordusunun fərarilərindən danışan Baş nazir Nikol Paşinyan etiraf edib ki, 44 günlük müharibə zamanı 12600 nəfər hərbi xidmətlə bağlı cinayətlərdə ittiham olunub. Erməni hərbi ekspertlərdən bəziləri hökumətə sual ünvanlayırlar ki, əgər hərbçilərin lazım olan təminatı, hətta dəbilqələri, zirehli jiletləri yox idisə və bunu baş nazir də etiraf edibsə, minlərlə hərbçi mühakimə oluna bilərmi?

Göründüyü kimi 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyərək məğlub olan Ermənistan ordusunda on minlərlə fərari olub. Hətta bunu rəsmi şəxslər də etiraf edir. Bütün bunlar da onu göstərir ki, Azərbaycan Ordusunun şəxsi heyəti həm peşəkarlıq, həm təchizat-təminat və həm də ən əsası ruh yüksəkliyi baxımından düşməndən qat-qat üstün olub və bu gün də tam üstünlüyə malikdir.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: