Qarabağda separatçıların qondarma təhlükəsizlik şurasının sədri vəzifəsində çalışmış Vitali Balasanyan 2023-cü il iyulun 13-də cinayət işi çərçivəsində məhkəmənin icazəsi ilə ona məxsus fərdi yaşayış evində axtarış aparılarkən "Milli Təhlükəsizlik Xidməti"nin bir qrup əməkdaşını həyatı təhlükə altına alan zorakılıq tətbiq etməklə hədələyib.
Bu barədə NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir.
Daha sonra Vitali Balasanyan axtarış yerindən çıxarılarkən A.B., V.B. və G.Y. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına zorakılıq tətbiq edərək, onları sürüyərək, müqavimət göstərərək hakimiyyət orqanı əməkdaşlarının hərəkətlərinə mane olmağa çalışıblar.
V.Balasanyana qarşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi başlanıb, o, həbs edilib.
Faktla bağlı araşdırma aparılır.
Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.