Türkiyədə 2016-cı il iyulun 15-də FETÖ terror təşkilatının dövlət çevrilişi cəhdi zamanı həlak olanların xatirəsi yad edilir.
NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbuldakı 15 İyul - Şəhidlər körpüsündə Türkiyənin Dövlət bayrağı asılıb. Dövlət çevrilişi cəhdinin 7-ci ildönümündə Türkiyə Prezidenti ofisinin Kommunikasiya Departamenti, İstanbul valiliyi və 15 İyul Şəhidləri Dərnəyi şəhid və qazi ailələri ilə görüşüblər. Körpünün Anadolu girişində keçirilən görüşdə dərnəyin sədri İsmayıl Hakkı Turunç qeyd edib ki, şəhidlərin xatirəsi günündə körpüdə asılan bayraq “bu torpaqlarda minlərlə ildir ki, dalğalanır və dalğalanmağa davam edəcək. “Şəhidlərə və onların doğmalarına söz veririk ki, bayrağımız əsla enməyəcək, vətən bölünməyəcək və millətimiz heç vaxt əsir olmayacaq. Minlərlə il ərzində azadlığını və müstəqilliyini davam etdirən xalqımız dünyanın bütün millətlərinə örnək olacaq”.
Sonra İstanbul valisinin müavini Özlem Bozkurt Gevrek və 15 İyul Şəhidləri Dərnəyinin sədri İsmayıl Hakkı Turunç körpünün üzərində 10 metr uzunluğunda və 15 metr enində olan Türkiyənin Dövlət bayrağını asıblar. Bayrağın hər iki tərəfində “Vətən, millət eşqinə” və “Yeddi il əvvəl burada 34 can vətən uğrunda şəhid oldu, rəhmət və minnətdarlıqla anırıq” sözləri yazılmış iki afişa da əlavə olunub.