2020-ci ilin əvvəlində BƏƏ-də ilk nüvə reaktoru işə salınacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə BƏƏ-nin Nüvə Tənzimlənməsi üzrə Federal Xidmətinin (FANR) başçısı Krister Vikterson məlumat verib. O bildirib ki, gözlənildiyinə görə, BƏƏ-də ilk atom elektrik stansiyasının - “Baraka” AES-in operatoru olan “Nawah Energy” şirkəti elektrik stansiyasının istismara hazır olduğunu 2019-cu ilin sonunda elan edəcək.
Körfəz sahillərində, Əbu-Dabi Əmirliyində yerləşən AES ərəb dünyasında energetika sahəsində ən iri layihə sayılır. Onun tikintisinə 2012-ci ildə başlanılıb. Layihənin ümumi dəyəri 24,4 milyard dollardır. AES özündə ümumi gücü 5600 meqavat olan dörd reaktoru birləşdirir. “Baraka” AES BƏƏ-nin energetika sistemi üçün səmərəli və etibarlı enerji mənbəyi olacaq. Hesab edilir ki, “Baraka” AES BƏƏ-nin elektrik enerjisinə olan tələbatının dörddə üç hissəsini təmin edəcək. Nəticədə karbon qazı tullantılarının səviyyəsi ildə 21 milyon ton azalacaq.