Birinci nəsil “iPhone” smartfonu hərracda 190 min 737 dollara satılıb ki, bu da onun 2007-ci ildəki qiymətindən (499 dollar) 380 dəfə bahadır.
NUHÇIXAN xəbər verir ki, hərracın təşkilatçısı “LCG Auctions” kompaniyasının məlumatına görə, satışa çıxarılan “iPhone” modeli 4 GB yaddaşla təchiz edilib. Onun özəlliyi istehsalının cəmi iki aydan sonra dayandırılmasıdır.
Bu, son vaxtlar hərracda rekord qiymətə satılan üçüncü orijinal “iPhone” smartfonudur. Bu ilin fevralında 8 GB yaddaşa malik model 63 min dollara, 2022-ci ilin oktyabr ayında isə oxşar model 39 min dollara satılmışdı.
Qeyd edək ki, “iPhone” dünyada elektron cihazlar arasında ən çox satılan məhsuldur. Onun populyarlığı “Apple Inc” kompaniyasını kapitallaşması 3 trilyon dolları ötən ilk şirkət edib.