Dünyada təxminən 3,3 milyard insan səhiyyə və təhsildən daha çox borclarının faizlərini ödəməyə xərcləyən ölkələrdə yaşayır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında bildirilib.
Məlumata görə, 2022-ci ildə qlobal dövlət borcu 92 trilyon dollara çatıb. O, 2000-ci ildən bəri beş dəfədən çox artaraq, həmin dövr ərzində üç dəfə artan qlobal ÜDM artımını üstələyib.
Eyni zamanda, son on ildə inkişaf etməkdə olan ölkələrdə dövlət borcu inkişaf etmiş ölkələrdən daha sürətlə artıb. Analitiklərin fikrincə, orta hesabla inkişaf etməkdə olan ölkələrdə dövlət borcunun ÜDM-ə nisbəti 60 faizdən artıqdır. Bu, borcun yüksək səviyyəsindən xəbər verir. Otuz altı belə ölkə borc siyahısındadır, yəni ya böhran ərəfəsindədir, ya da artıq bunu yaşayır.
Hesabata görə, kredit verən qurumlar arasında özəl kreditorların (xüsusən də banklar və istiqraz sahiblərinin) payı artır və bu cür borclara xidmət inkişaf etməkdə olan ölkələr üçün inkişaf etmiş ölkələrlə müqayisədə xeyli baha başa gəlir. Belə ki, Afrika ölkələri üçün kredit faizləri ABŞ-dan orta hesabla dörd dəfə, Almaniyadan isə 8 dəfə yüksəkdir.
BMT qlobal maliyyə sabitliyini təmin etmək üçün “yol xəritəsi”ndə onun azaldılması ilə bağlı təkliflərini formalaşdırıb. Tövsiyələrə həssas ölkələr üçün daha uzun kredit şərtləri və aşağı faiz dərəcələri daxildir. Təşkilat bu ideyaların sentyabrda Dehlidə keçiriləcək G20 sammitində ətraflı müzakirə olunacağına ümid edir.