“Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini geri qaytarmaq üçün hər cür şərait yaranıb”.
NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Quru Qoşunları komandanı general-polkovnik Aleksandr Sırski BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Baxmuta cəmləşən Rusiya qoşunları kamanı xatırladır: “Onlar yarımmühasirədədirlər. Bundan yaxşı istifadə etmək olar”.
Sırski deyib ki, bu şərait on dəfə az itki ilə Baxmutun qaytarılmasına imkan verəcək.
O əlavə edib ki, Rusiyanın "Vaqner" Xüsusi Hərbi Şirkətinin döyüşçülərini tamamilə Baxmuta soxmaq səhv idi: “Onlar orada böyük itkilər verərək, əslində, döyüş qabiliyyətini itirdilər”.
Sırski Baxmutun qaytarılması ilə bağlı tarix açıqlamasa da, bunu qısa zamanda edəcəklərini vurğulayıb.
Qeyd edək ki, Aleksandr Sırski 1965-ci il iyulun 26-da Rusiyanın Vladimir vilayətinin Novinki şəhərində anadan olub. 2019-cu il avqustun 5-dən Ukrayna Quru Qoşunları komandanıdır. 2020-ci ildə ona general-polkovnik hərbi rütbəsi verilib. 2022-ci ildə Ukrayna Qəhrəmanı fəxri adına layiq görülüb.