Türkiyə müdafiə sənayesində innovativ texnologiyaların geyilən texnologiyalara inteqrasiya edilməsi ilə inkişaf etdirilən Hərbi Taktiki Əməliyyat Dəsti (ATOK) təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlı bölmələrində geniş yayılmaqdadır.
NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin BITES Müdafiə Aerokosmik Texnologiyaları şirkəti 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) son vaxtlar diqqət çəkən Hərbi Taktiki Əməliyyat Dəsti (ATOK) ilə bağlı bir sıra imkanları təqdim edəcək.
Döyüş meydanında personalın hərəkətini məhdudlaşdırmayan portativ və hazır məhsullardan ibarət ATOK sistemi simsiz və təhlükəsiz rabitə ilə təchiz edilib. Sistemin bir hissəsi olan "mobil cihaz tətbiqi" NATO standartlarına uyğun xəritə infrastrukturu ilə birləşdirilir.
Hərbi Taktiki Əməliyyat Dəsti (ATOK) sistemi ilə PUA və pilotsuz quru platformalarından alınan məlumat və video görüntülər əməliyyat qrupu daxilində paylaşıla bilər.
Qeyd edək ki, Hərbi Taktiki Əməliyyat Dəsti (ATOK) sistemi ilə təmin olunmuş sonuncu pilotsuz vasitə “robot it” olub. Bu inteqrasiya ilə şəxsi heyətin girişinin çətin və ya riskli olduğu ərazilərə “robot it” daxil olaraq, video görüntülər və müxtəlif tapşırıqları təmin edə bilər.