Türkiyə Prezidenti: Ankara müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verir

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, embarqolara baxmayaraq, Türkiyə hökuməti müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verir.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti İstanbulda keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə videomüraciətində deyib: “Türkiyə qarşıya çıxan bir çox maneələrə, gizli və açıq embarqolara baxmayaraq, müdafiə sənayesini inkişaf etdirməyə böyük əhəmiyyət verir”.

İyulun 28-nə qədər davam edəcək ən böyük qlobal müdafiə tədbirlərindən biri olan bu sərgidə quru nəqliyyat vasitələri, silahlar, simulyatorlar, radarlar, sonarlar, dəniz platforması həlləri, aviasiya sistemləri, raketlər, logistika vasitələri, təchizat avadanlığı və təhlükəsizlik sistemləri də daxil olmaqla, bir sıra müdafiə məhsulları nümayiş etdirilir.

Rəcəb Tayyib Ərdoğan daha sonra deyib: “Türkiyənin müdafiə sənayesi sektoru son illərdə bütün dünya tərəfindən heyranlıqla izlənilən bir uğur hekayəsi yazır. Sənayemiz zirehli texnikası, artilleriyası, raketləri, hava hücumundan müdafiə sistemləri, münaqişə zonalarında sınaqdan keçirilən hər cür silah və radar sistemləri ilə öz potensialını bir daha nümayiş etdirdi”.

Türkiyə Prezidenti öz ölkəsinin pilotsuz təyyarə texnologiyası sahəsindəki imkanlarını yüksək qiymətləndirib, onun bu sahədə dünyanın ilk üç ölkəsi arasında olduğunu deyib. O əlavə edib ki, öz döyüş gəmisini istehsal edən 10 ölkədən biri olan Türkiyə bu sahədə də mühüm ixracatçıdır.

Türkiyənin müdafiə sənayesində iz qoyacaq 850 fərqli layihəni "həssaslıqla” həyata keçirdiyini söyləyən R.T.Ərdoğan bildirib: "Keçən il 4,4 milyard dollarlıq ixracat rəqəminə çatdıq. Bu ilin ilk altı ayında 2,3 milyard dollarlıq rekord ixrac səviyyəsinə nail olduq. 2023-cü ildə hədəfimiz 6 milyard dollardır". O əlavə edib ki, Ankara təkcə məhsul satmaq üçün deyil, həm də uzunmüddətli tərəfdaşlıqlar qurmaq və birgə layihələr hazırlamaq istəyir.

“Müdafiə sənayesindəki bilik və təcrübəmizi dostlarımızın faydalanması üçün təqdim etməkdən məmnunuq”, - deyə R.T. Ərdoğan sonda bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: