Qazaxıstanın Cambul vilayətində Türkiyənin “Anka” pilotsuz uçuş aparatı sınaqdan keçirilir, bundan sonra onun sınaq istismarı başlayacaq.
NUHÇIXAN xəbər verir ki, Qazaxıstan Silahlı Qüvvələrinin “Sarbaz” nəşrinin məlumatına görə, “Anka” PUA-sının 2023-cü ilin avqust ayına nəzərdə tutulan sınaq istismarı 2024-cü ilin martınadək davam edəcək.
Uçuş testləri respublikanın hərbi hissələrindən birinin texniki mühəndisləri tərəfindən PUA-nın istehsalçısı - “Turkish Aerospace Industries” kompaniyasının nümayəndələrinin iştirakı ilə keçirilir.
Bu il mayın 10-da Ankarada “Kazakhstan Engineering” və “Turkish Aerospace” kompaniyaları arasında hərbi-texniki əməkdaşlığa dair memorandumun imzalanıb. Sənədə əsasən Qazaxıstanda “Anka” PUA-larının istehsalı və texniki xidməti təşkil olunacaq.
“Anka” pilotsuz uçuş aparatı 350 kiloqram yüklə 9,1 min metr yüksəkliyə qalxa, 30 saata qədər havada qala və saatda 200 kilometr sürətlə uça bilən döyüş PUA-sıdır.