Yunanıstanlı yanğınsöndürənlər xarici ölkələrdən yardıma gələn həmkarları ilə birgə ekstremal istilərin səbəb olduğu meşə yanğınlarına qarşı mübarizəni davam etdirirlər.
NUHÇIXAN xəbər verir ki, Rodos adasında meşə yanğınları artıq doqquz gündür səngimək bilmir. Minlərlə insan, o cümlədən istirahətə gələn turistlər Rodosu tərk etmək məcburiyyətində qalıb. Korfu və Evbeya adalarından insanların təxliyəsi isə davam edir.
Avropa İttifaqı təbii fəlakətlə mübarizə üçün ölkəyə 500 yanğınsöndürən, 100 ədəd texnika və yeddi təyyarə göndərib. Türkiyə, Misir və İsrail də Afinaya yardım edən ölkələr arasındadır.
İyulun 25-də Evbeya adasında yanğınsöndürmə əməliyyatında iştirak edən təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həlak olub. Hadisə səbəbindən Yunanıstan Silahlı Qüvvələrində üçgünlük matəm elan edilib.
Meteoroloqların proqnozuna görə, iyulun 27-də ölkəni daha bir anomal isti dalğası gözləyir. Hakimiyyət orqanları onun yeni yanğın ocaqlarının yaranmasına səbəb olacağından ehtiyatlanır.