Yaxın günlərdə ABŞ əhalisinin təxminən 60 faizi daşqın və anomal istilərin təsirinə məruz qala bilər.
NUHÇIXAN Associated Press agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Milli Meteorologiya Xidmətinin (NWS) aparıcı sinoptiki Bob Oravekin sözlərinə görə, təbii fəlakətlər bütün böyük şəhərlərə təsir edəcək və bu səbəbdən zərər çəkən əhalinin sayı çox olacaq.
NWS ölkənin şimal-şərqində cümə axşamından başlayan və istirahət günlərində də davam edəcəyi gözlənilən anomal istilər barədə xəbərdarlıq edib. Eyni zamanda şimal-şərq və cənub ərazilərdə güclü qasırğalar və daşqınlar da proqnozlaşdırılır. Bununla yanaşı, ABŞ-nin cənub-qərb və qərb hissəsində güclü istilər davam edəcək. Sinoptiklər cümə günü bir neçə temperatur rekordunun yenilənəcəyini gözləyirlər.
Xatırladaq ki, Ümumdünya Meteorologiya və Avropanın “Copernicus” təşkilatları 2023-cü ilin iyulunu dünya tarixinin ən isti ayı adlandırıb.