Antarktidanın şərq hissəsi qalın buzlarla örtülüdür. Bəzi alimlər iddia edirlər ki, nəhəng buz qatının altında “donmuş tektonik blok” yerləşir ki, bu kütlə geoloji baxımdan digər qitələrlə həmcins olması ilə fərqlənir. Lakin kosmik peyk vasitəsilə əldə edilən məlumata görə, Şərqi Antarktidanın həqiqətən qitələrin qalıqları üçün bir “qəbiristanlıq” olduğu qənaəti yaranıb. Alimlər planetin ən cənub qitəsinin 3D formatında tektonik xəritəsini tərtib ediblər və məlum olub ki, buz qatlarının altında qədim superqitənin qalıqları var.
NUHÇIXAN “The New York Times” qəzetində dərc olunmuş məqaləyə istinadla xəbər verir ki, Almaniyanın Kil Universitetinin geofiziki Yorq Ebbinin rəhbərlik etdiyi tədqiqat qrupunun gəldiyi qənaət qravitasiya sahəsinin öyrənilməsi və Okean Dövriyyəsi Tədqiqatçısı (“GOCE”) stasionar peykinin məlumatlarına əsaslanır. Bu stasionar peyk yerin dərin qatlarında cazibə qüvvəsi sahəsini ölçməyə imkan verir.
İngiltərənin Nortumbriya Universitetində Antarktidanın buz təbəqələrini araşdıran alim Keyt Vinter bildirib ki, “GOCE”nin peyk məlumatları sayəsində superqitənin ayrı-ayrı kiçik detallarını birləşdirmək mümkün olub. Onun sözlərinə görə, Şərqi Antarktida ən azı geoloji baxımdan üç nəhəng kraton (yunancadan tərcümədə “güc” deməkdir) əyalətin olduğu labirintdir. Buz qatlarının altındakı qitələrin möhkəm qaya nüvələri Yer qabığının tektonik hərəkətlərini yüzlərlə milyon illər ərzində dağıdan geoloji amillərdir. Kratonlardan birinin forması Avstraliyanın bir hissəsi ilə eynidir, digərləri isə Hindistanın bir hissəsini xatırladır. Üçüncü kraton dəniz adalarının birləşmiş hissələrinin bənzəridir.
Tədqiqata dair hesabatın müəlliflərindən biri olan Britaniya Antarktida Tədqiqatları İnstitutunun aparıcı geofiziki Fausto Ferraçiolinin fikrincə, “bu əyalətlərin Yer kürəsi tarixinin hansı mərhələsində və necə birləşdiyi, bunun nəticəsində Şərqi Antarktidanın formalaşması barədə çoxlu müzakirələr aparılır”. Onun sözlərinə görə, bu parçalar 1 milyard il əvvəl - “Rodinia” adlı superqitənin yarandığı və ya onun cəmi 500 milyon il əvvəl “Qondvana” superqitəsi ilə birləşdiyi dövrdə bir araya gələ bilərlər. “Hər halda, Antarktida buzlaqlarının altında tapılan nəhəng kütlə 160 milyon il əvvəl “Qondvana”nın parçalanmasının nəticəsidir”, - deyə alim vurğulayıb.
Keyt Vinter buna əlavə olaraq bildirib ki, bu kəşfə rəğmən Şərqi Antarktidanın geoloji tərkibini dəqiq müəyyən etmək üçün uzunmüddətli tədqiqatlar aparılmalıdır. Məsələn, “GOCE”nin xəritəsinə əsasən, süxurlardan nümunələr götürmək məqsədilə, qazma işləri üçün ideal yer tapmaq və qitənin mərkəzində dərin qazma işlərinə başlamaq olar.
Alim vurğulayıb ki, qlobal istiləşmə dövründə dünyada ən nəhəng buz təbəqəsinin altında nələrin gizləndiyini öyrənmək böyük əhəmiyyət kəsb edir.