Misir arxeoloqları Luksor yaxınlığındakı Əl-Karna şəhərində eramızdan əvvəl XIII əsrə - Misir fironlarının XIX sülaləsi dövrünə aid “Faorxatep” sərdabasını aşkar ediblər.
NUHÇIXAN Misirin qədim abidələr naziri Xalid əl-Ananinin bəyanatına istinadla xəbər verir ki, qadın firon Xatşepsut məbədinin bir neçə metrliyində yerləşən sərdabada içərisində mumiyalar olan iki sarkofaq tapılıb. Bundan əlavə, elə həmin məzarda mindən çox mərasim heykəlciyi, lülə şəklində bükülmüş bir neçə papirus və fironlar dövrünə aid onlarca digər artefakt olub. Qədim Misir hökmdarlarına yaxın adam olan Faorxatepə məxsus məzarın divarlarını rəngbərəng freskalar və heroqlif yazılar bəzəyir.
Bəyanatda deyilir ki, Qədim Abidələr üzrə Misir Ali Şurasının rəhbərliyi altında işləyən arxeoloqlar bu ilin martından avqust ayına qədər qazıntı işləri aparıblar.