“Hərbi analitiklərin fikrincə, Ukraynanın Rusiyaya, xüsusən də Moskvaya qarşı zərbələri Rusiya ordusunda daxili parçalanmalarla nəticələnəcək”.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York Times” nəşri yazıb.
Bildirilib ki, bu hücumlar Ukrayna üçün çox mühümdür: “Rusiyanın əsas üstünlüyü şəxsi heyət və artilleriya ilə bağlıdır. Bu üstünlüyü aradan qaldırmaq üçün qarşı tərəfin maddi-texniki təchizatı sıradan çıxarılmalıdır. Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr bu ölkənin yüksək rütbəli komandanlığı üçün problemlər yaradır. Rusiya hərbi elitasında Ukraynanın növbəti zərbəni hara vuracağı ilə bağlı qeyri-müəyyənlik artır”.
İddialara görə, Kiyev həm hərbi obyektlərə, həm də Kreml üçün böyük əhəmiyyət kəsb edən simvolik strukturlara strateji zərbələr endirir: “Məsələn, dronlar Avropanın ən hündür binalarının yerləşdiyi "Moskva Siti" kompleksinə hücum edib. Bu simvolik qüllələr bir vaxtlar Rusiyanın qlobal iqtisadiyyata inteqrasiyasının simvolu hesab olunurdusa, indi onlar Moskva ilə Qərb arasında artan münaqişənin simvoluna çevrilib”.
Qeyd edək ki, son günlər Ukrayna Moskvaya PUA-larla hücum edir.
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu daha əvvəl bildirmişdi ki, bu zərbələr Ukraynanın əks-hücum əməliyyatındakı uğursuzluğun göstəricisidir.