Ukrayna Silahlı Qüvvələrinin saxlanması ildə təxminən 2 trilyon qrivnaya (54,7 milyard dollar) başa gəlir.
NUHÇIXAN Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib. Onun sözlərinə görə, normal vaxtlarda Ukrayna büdcəsinin gəlir hissəsi 1,3 trilyon qrivna (35,5 milyard dollar) təşkil edirdisə, indi büdcə Qərb tərəfdaşlarının maliyyə dəstəyi, qrantlar və kreditlər hesabına dəstəklənir.
Ukraynanın 2023-cü il büdcəsinin xərcləri ilkin olaraq 2,6 trilyon qrivna (71,1 milyard dollar) həcmində planlaşdırılıb ki, onun da 1,14 trilyonu (31,2 milyard dollar) təhlükəsizlik və hərbi ehtiyaclar üçündür. Bu, bütün büdcə xərclərinin 43 faizini, yaxud ÜDM-in 18,2 faizini təşkil edir.
2023-cü ildə Ukraynanın büdcə kəsiri rekord miqdarda - 38 milyard dollar həcmində nəzərdə tutulub. Prezident Volodimir Zelenski ümid edir ki, Qərbin köməyi ilə bu kəsiri bağlamaq mümkün olacaq.