Qazaxıstan hakimiyyət orqanları Baş Prokurorluqla birlikdə "Z","V" “Vaqner” hərbi təşkilatına aid simvollu məhsullara qadağa qoyulmasını təklif edir.
NUHÇIXAN “KazTAQ” agentliyinə istinadən xəbər verir ki, bu simvollarla yanaşı, “PKK” və “Şərqi Türküstan” emblemlərinə də qadağa qoyulması təklifi səslənib.
İctimai Maraqların Müdafiəsi İdarəsinin prokuroru Kuat Bapinov bildirib ki, müxtəlif etnik qrupların ayrı-ayrı nümayəndələrinin etnik simvollar nümayiş etdirmələrinə rast gəlinir: “Xüsusilə 2022-ci ildə Qazaxıstanda Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra paltarların, avtomobillərin və oyuncaqların üzərində “Z” və ya “V” simvollarına rast gəlinib. Mağazalarda isə “Rusiya Ordusu” simvollu mallar reklam olunur və satılır. Bu da cəmiyyətdə birmənalı qarşılanmır”.
Prokurorluq məhdudiyyətlər çərçivəsində həmin məhsulların Qazaxıstanda istehsalı, daşınması və yayılmasının qadağan olunmasını təklif edib. Bundan əlavə, Qazaxıstanda bu məhsulların yayılmasına görə inzibati məsuliyyətin tətbiqi təklif edilir.
Qeyd edək ki, V və Z latın hərfləri Ukraynada hərbi əməliyyatlarda iştirak edən Rusiya texnikasına şamil edilir. Bir sıra Qərb ölkələri bu hərflərin nümayişini qadağan edib. Belə ki, Almaniyanın iki ştatında Z simvolundan istifadəyə görə cinayət məsuliyyəti tətbiq edilib.