Müxtəlif siyasi qüvvələrə mənsub 94 fransız senatoru ölkə prezidenti Emmanuel Makrona Afrikada dövlət siyasətinin uğursuzluğuna dair açıq məktub göndərib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Figaro” qəzeti məlumat yayıb.
Məktubun müəllifləri Senat sədrinin xarici əlaqələr üzrə birinci müavini Roje Karuçi, Senatdakı “Respublikaçılar” fraksiyasının rəhbəri Bryuno Retayo və Senatın Xarici İşlər və Müdafiə Komitəsinin sədri Kristian Kambondur.
Senatorların fikrincə, bir sıra Afrika ölkələri - Niger, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso Fransanın siyasi, hərbi və iqtisadi təsirindən imtina edib.
Parlamentarilər vurğulayıblar ki, Fil Dişi Sahili Respublikası, Seneqal kimi Fransaya yaxın sayılan ölkələrdə Fransaya qarşı kütləvi aksiyalar keçirilir. Bundan başqa, Parisin Əlcəzair, Mərakeş və Tunislə də mürəkkəb münasibətləri var.
Senatorlar qeyd ediblər ki, dünənki Fransa Afrikası hərbi Rusiya Afrikası, iqtisadi Çin Afrikası və diplomatik Amerika Afrikası ilə əvəzlənir. Məktubun müəllifləri ingilis dilinin artan populyarlığı ilə əlaqədar olaraq qitədə fransız dilinin rolunun tədricən azalmasına diqqət çəkiblər.
Parlamentarilər Fransanın Afrikaya baxışına və onun Parislə əlaqələrinə yenidən baxılmasının zəruriliyi ilə bağlı fikirlərini bildiriblər. Onların fikrincə, yəqin ki, elə vaxt gəlib çatıb ki, Afrika ölkələri Fransanın roluna və onun qitədəki mövcudluğuna getdikcə daha çox meydan oxuyur.