Kolumbiyanın hüquq-mühafizə orqanları bir il ərzində 1,1 min ton kokain müsadirə edib və narkotik laboratoriyalarının məhv edilməsi sürətini artırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro hakimiyyətinin birinci ilinin yekunlarına dair çıxışında bildirib.
"Biz bu müddət ərzində 1100 ton kokain müsadirə etdik. Əvvəlki illə müqayisədə 16 faizdən çox narkotik laboratoriyalarını məhv etdik. İlin əvvəlindən 573 ton kokain ələ keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə tarixin ən yüksək göstəricisidir”, - deyə dövlət başçısı bildirib.
Prezident cinayətkarlıqla mübarizə çərçivəsində 9 mindən çox silahlı qruplaşma üzvünün tutulduğunu da qeyd edib. "Biz artıq vətəndaşların təhlükəsizliyini qismən yaxşılaşdıra bilmişik", - deyə o, sözlərinə əlavə edib. Onun sözlərinə görə, bu il ərzində ölkədə təcavüz xarakterli cinayətlərin sayı təxminən 30 faiz, qətllərin sayı isə 3,6 faiz azalıb.