Ermənistan xüsusi xidmət orqanları 2008-ci ilin martında baş verən aksiyaların dağıdılmasına ordunun da cəlb edilməsi ilə bağlı faktları təsdiqləyib. İstintaq işi çərçivəsində noyabrın 27-də Robert Koçaryanın növbəti məhkəməsi olacaq. İşğalçı ölkədə insan hüquqları ilə yanaşı, media azadlığı sahəsində də vəziyyətin ağır olduğu bildirilir.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, sabiq prezidentin vəkilləri Koçaryanın toxunulmazlığı ilə əlaqədar onun barəsində həbs qəti imkan tədbirinin ləğvinə çalışacaqlar. Xüsusi istintaq qrupu Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham irəli sürüb. Bir gün sonra o, həbs edilib. Apellyasiya məhkəməsi ilk instansiya məhkəməsinin qərarını Koçaryanın toxunulmazlığını əsas göstərərək ləğv edib. Noyabrın 15-də Ermənistanın Kassasiya məhkəməsi baş prokurorun apellyasiya məhkəməsi tərəfindən Koçaryanın həbsinin ləğvi barədə çıxardığı qərardan verdiyi şikayəti qismən təmin edib və işi təkrar istintaqa göndərib. Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan yerli kanallardan birinə verdiyi açıqlamasında bunu doğru hesab etmədiyini bildirib. Onun sözlərinə görə, Robert Koçaryan 10 il əvvəl baş verən dövlət terrorunun iştirakçılarındandır. Məhz onun tapşırığı ilə dinc aksiyaların dağıdılmasına ordu da cəlb olunub. İstintaqda buna dair dəlillər var. 1 mart hadisələri ilə bağlı qaldırılan cinayət işi üzrə araşdırmalar davam etdiyindən ictimayyətə tam açıqlama verilmir.
Hüquq müdafiəçiləri isə Ermənistanda jurnalistlərin təqib olunması, mətbu orqanlara müxtəlif bəhanələrlə basqın edilməsinə dair faktları ictimaiyyətə təqdim ediblər. “Dövlət söz azadlığını təmin etməlidir. Biz isə Ermənistanda bunun əksini görürük”,- deyə hüquq müdafiəçisi Arman Tatoyan bildirib. O, 2 ay əvvəl Ermənistan polisinin Kütləvi İnformasiya Vasitələrinə basqın etdiyini diqqətə çatdırıb. Bildirib ki, zərərçəkən media qurumları arasında “Yerevan.Today” xəbər saytı da var. Polis xəbər portalının ofisində və saytın baş redaktorunun evində axtarış əməliyyatları həyata keçirib. Axtarışların səbəb kimi, Ermənistanın Təhlükəsizlik və Xüsusi İstintaq Xidməti rəhbərlərinin gizli səs yazısının yayılması göstərilsə də, heç bir maddi sübut aşkarlanmayıb.
“Qraparak” qəzeti də analoji vəziyyətlə üzləşib. Onlar isə gizli səs yazısını digər mətbu orqanlardan 5 gün əvvəl yayımlamaqda ittiham olunublar. Hüquq müdafiəçisinin sözlərinə görə, bunlar sadəcə bəhanədir. Yeni hökumət əvvəlki hakimiyyətinin xəttini tutaraq jurnalistlərin gözünü qorxutmağa çalışır. O, bu il ərzində KİV nümayəndələrinin müxtəlif dövlət qurumlarına ünvanlandığı sorğulara cavab verilmədiyinə dair faktlar əldə etdiklərini də açıqlayıb.