ABŞ-nin “The New York Times” qəzeti Qərb rəsmiləri və analitiklərinin hesablamalarına istinad edərək Ukraynanın 2022-ci il fevralın 24-də başlanan müharibədə 150 mindən çox hərbi qulluqçusunu itirdiyini, yəni öldüyü və ya yaralandığını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, bu rəqəmlər nəşrin müxbiri Mark Santoranın “Ukrayna rüşvət qalmaqalından sonra hərbi komissarları işdən qovur” başlıqlı məqaləsində yer alıb.
Əsas mövzunun Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin bütün regionlarının hərbi komissarlarını işdən azad etməsi olan yazıda dövlət başçısının bu addımının Qərbin dəstəyinin sarsılmaması üçün atdığına işarə edilir:
“Müharibəni davam etdirmək üçün o, ukraynalıları qurbanların əbəs olmadığına inandırmalı və onları daha çox iş görməyə sövq etməlidir, eyni zamanda qərbli hamilərini korrupsiyaya qarşı dözümsüz olduğuna və onun silahlı qüvvələrinə və hökumətinə qoyulan sərvətin boşuna sərf edilmədiyinə əmin etməlidir”.
Bununla belə, məqalədə qeyd olunub ki, ABŞ və Avropanın rəsmiləri Ukraynaya yardımın oğurlandığı və ya sui-istifadə olunduğuna dair heç bir sübutun olmadığını, lakin dələduzluq gümanının özü belə siyasi dəstəyi təhdid edə biləcəyini deyirlər
Bundan başqa, qəzetin yazısında Ukraynanın savaşdakı itkilərinə də diqqət çəkilib:
“Kiyev tez-tez itki rəqəmlərini açıqlamasa da, Qərb rəsmiləri və analitikləri mülki əhali arasında on minlərlə itki ilə yanaşı, 150 000-dən çox Ukrayna hərbi qulluqçusunun öldürüldüyünü və ya yaralandığını təxmin edir. Rusiyanın itki göstəriciləri daha yüksəkdir, lakin ölkə əhalisinin sayı təxminən 145 milyondur ki, bu da Ukrayna əhalisindən üç dəfə çoxdur”.